Enerji içkilərinin markalanmasında ciddi pozuntular aşkarlanıb

Enerji içkilərinin markalanmasında ciddi pozuntular aşkarlanıb
Yayınlanma tarixi: 27.10.2022 12:00:13

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrində enerji içkisi olmayan içkilərin enerji içkisi kimi təqdim edilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, əksər ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib. Bildirib ki, aparılmış monitorinqlər zamanı enerji içkiləri ilə bağlı əsasən 2 növ uyğunsuzluq aşkarlanır:

“Əsas uyğunsuzluq enerji içkisi olan məhsulların markalanmasında ciddi pozuntuların olması və enerji içkisi olmadığı halda üzərində enerji içkisi təəssüratını yaradan ifadələrdən istifadə edilməklə istehlakçıların aldadılmasıdır. Markalanmasında ciddi pozuntular olan 2 enerji içkisinin geri çağırılması, 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb, ticarət şəbəkələrində rəflərin yenidən düzülməsi və qiymət stikerlərinin dəyişdirilməsi təmin edilib”.

Q.Təhməzli həmçinin aparılan yoxlamalarda şəkər tozu və qənd məhsullarında kükürd dioksid (SO2) miqdarının normadan artıq olmasının aşkarlanması ilə bağlı məlumat verib. Bildirib ki, monitorinqlər çərçivəsində 12 istehsalçıya məxsus məhsullarda kükürd dioksidin kütlə payının normadan artıq olması müəyyənləşdirilib. Bununla bağlı bütün müvafiq nəzarət tədbirləri görülüb. Görülmüş tədbirlərin nəticəsi olaraq, ümumilikdə, müəssisələr tərəfindən 1097 kq məhsul geri çağırılıb və bundan 547 kq məhsul məhv edilib. Anbarda olan 5309 kq məhsulun yenidən emalı təmin olunub.

Qoşqar Təhməzli üzərində "müalicəvi" sözü yazılmış su məhsullarının istehsalının və idxalının qadağan edildiyini də diqqətə çatdırıb: “Elə mineral sular var ki, üzərində hansı xəstəlikləri sağaltması barədə qeydlər var. Bunlar beynəlxalq standartlara ziddir və istehlakçını aldatmaq məqsədi daşıyır”.

Onun sözlərinə görə, “Qida təhlükəsizliyi haqqında” yeni qanunla üzərində bu cür qeydlər olan, eyni zamanda, üzərində "müalicəvi" yazılmış su məhsullarının istehsalı və idxalı qadağan edilir.

GÜNÜN MANŞETLERİ