ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi Fələstində sakitliyin qorunması və Efiopiyanın tikintisini davam etdirdiyi Hedasi (Nahda) bəndi probleminin həlli məsələsini müzakirə ediblər.
İslamazeri.com xəbər verir ki, Prezident Əbdülfəttah əs-Sisi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) Şarm əl-Şeyxdə keçirilən 27-ci Tərəflər Konfransı çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüşüb.
Görüşdə liderlər Fələstində sakitliyin qorunması, Hedasi bəndi probleminin həlli, Rusiya-Ukrayna böhranı və onun mənfi təsirləri ilə yanaşı, Liviya, Suriya və Yəməndə baş verən prosesləri müzakirə ediblər.
Co Bayden Misirin Fələstin məsələsində göstərdiyi səylərə, o cümlədən Fələstin tərəfi (Qəzzada) və İsrail arasında sakitliyin qorunmasına görə Sisiyə minnətdarlığını ifadə edib.
Bayden ölkəsinin Misiri bölgədə güvəndiyi güclü müttəfiq və dost kimi gördüyünü bildirib.
Sisi həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın, müxtəlif siyasi, təhlükəsizlik və regional məsələlərdə məsləhətləşmə və koordinasiyanın vacibliyini vurğulayıb.