Azərbaycan TDT-nin iclasında iştirak edəcək

Azərbaycan TDT-nin iclasında iştirak edəcək
Yayınlanma tarixi: 26.10.2022 14:04:04

Sabah Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə öz işinə başlayan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısına qatılacaq.

Bu barədə "İslamazeri.com"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizi bu toplantıda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edəcək.

Qeyd edək ki, tədbirdə təşkilata üzv dövlətlər beynəlxalq yük daşımalarının daha da inkişaf etdirilməsi, regionun tranzit potensialının artırılması, eləcə də alternativ nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Məlumata görə, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəmir yolu administrasiyalarının birinci iclası və bu təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci iclası keçiriləcək.

İclasın yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair saziş və nəqliyyat sektorunda qarşılıqlı asılılıq proqramı kimi sənədlərin razılaşdırılması gözlənilir.

Qeyd edək ki, iclas oktyabrın 28-nə kimi davam edəcək.

GÜNÜN MANŞETLERİ